Potensial hava təhlükələrinə qarşı mübarizə çərçivəsində, Türkiyə öz ərazisini qorumaq üçün Malatya şəhərində "Patriot" hava hücumundan müdafiə sistemi yerləşdirir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə rəsmi məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb. Qərarın bölgədə baş verən son hadisələr fonunda qəbul edildiyi vurğulanıb.
Nazirliyin açıqlamasında bildirilir: "Türkiyənin milli səviyyədə gördüyü təhlükəsizlik tədbirləri ilə yanaşı, NATO tərəfindən də hava hücumundan müdafiə tədbirləri artırılıb. Bu çərçivədə hava məkanımızın qorunmasına dəstək vermək üçün təyin edilmiş bir "Patriot" sistemi Malatya şəhərində yerləşdirilir".
Qeyd edək ki, bundan əvvəl İran ərazisindən müxtəlif vaxtlarda Türkiyə hava məkanına daxil olan 2 raket məhz NATO hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.