Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) dəstəyi ilə Çinin Sian, Şanxay və Pekin şəhərlərində silsilə tanıtım tədbirləri keçirilir. Tədbirlərdə 6 yerli turizm sənayesi nümayəndəsi iştirak edir.
Bundan əlavə, ATB 26-28 may tarixlərində Şanxayda keçirilən "ITB China 2026" beynəlxalq turizm sərgisində AZAL və 10 yerli turizm şirkəti ilə birgə milli stendlə təmsil olunur. Bu platformalar B2B görüşlərin keçirilməsi, şəbəkələşmə, yeni əməkdaşlıqların qurulması və Azərbaycanın işgüzar turizm (MICE) potensialının tanıdılması üçün mühüm əhəmiyyət daşıyır.
Sərgi çərçivəsində "Trip.com" onlayn səyahət platforması Azərbaycanı "Must-Visit Destination 2026" ("2026-cı ilin mütləq ziyarət edilməli turizm istiqaməti") mükafatı ilə təltif edib. Mükafat Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə təqdim olunub. Həmçinin, ATB və "Tongcheng Travel" arasında ölkəmizin Çin bazarında tanıdılmasını və çinli turistlər üçün cəlbediciliyinin artırılmasını nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.
İki ölkə arasında turizm əlaqələrinin inkişafına təsir edən əsas amillər sırasında aşağıdakılar qeyd olunur:
- Vətəndaşlar üçün tətbiq olunan qarşılıqlı vizasız rejim;
- AZAL və "China Southern Airlines" tərəfindən Bakıdan Pekin və Urumçi şəhərlərinə həyata keçirilən birbaşa uçuşlar.
Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında Çindən Azərbaycana gələn turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5 % artaraq 14 303 nəfərə çatıb.