Maltalı iş adamı Yorgen Fenechin jurnalist qətli ilə bağlı məhkəməsi başlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Maltanın nüfuzlu iş adamlarından biri, “Hilton Malta” otel və kazino şəbəkəsinin sahibi Yorgen Fenechin araşdırmaçı jurnalist Daphne Caruana Galizia-nın qətli ilə bağlı məhkəmə prosesi Valletta şəhərində start götürüb.
İstintaq materiallarına əsasən, Fenech jurnalistin qətlə yetirilməsi üçün üç nəfər muzdlu qatilə ümumilikdə 150 min avro ödəyib. Bildirilir ki, qətldən bir gün əvvəl jurnalistin avtomobilinə sürücü oturacağının altına uşaq ayaqqabısı qutusunda gizlədilmiş partlayıcı yerləşdirilib.
Məlumata görə, Fenech taksi sürücüsü Melvin Theuma vasitəsilə George və Alfred Degiorgio qardaşları ilə əlaqə yaradaraq sui-qəsdi təşkil edib. Razılaşmaya əsasən, məbləğin 30 min avrosu əvvəlcədən ödənilib, qalan hissəsinin isə sonradan verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Daphne Caruana Galizia hökumət və iri biznes dairələrində korrupsiya iddiaları ilə bağlı araşdırmaları ilə tanınırdı. Onun 2017-ci ildə qətlə yetirilməsi Avropada geniş rezonans doğurmuşdu.
Xatırladaq ki, Yorgen Fenech 7 il əvvəl həbs olunsa da, hüquqi prosedurlar səbəbindən məhkəmə prosesi uzun müddət təxirə salınmışdı. İş üzrə 7 nəfər ittiham olunur. Onlardan 5-i artıq məhkum edilib, bir nəfər isə istintaqla əməkdaşlıq etdiyi üçün əfv olunub. Fenech bu iş üzrə mühakimə olunan sonuncu təqsirləndirilən şəxsdir.