Uğursuz mövsümü geridə qoyan "Tottenhem" heyətini gücləndirmək üçün transfer bazarına çıxıb. London klubu hücum xəttini daha effektiv etmək məqsədilə "Liverpul"un niderlandlı hücumçusu Kodi Qakponu transfer etməyi planlaşdırır.
"Operativ Məlumat Mərkəzi-OMM" "CaughtOffside" nəşrinə istinadən xəbər verir ki, "şporlar" 27 yaşlı futbolçu üçün qarşı tərəfə təxminən 70 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Transfermarkt portalı futbolçunun bazar dəyərini 60 milyon avro olaraq qiymətləndirir.
Qakpo ilə maraqlanan təkcə "Tottenhem" deyil. "Nyukasl" və "Bavariya" klublarının da futbolçunun xidmətində maraqlı olduğu bildirilir.
Lakin hələlik heç bir klub rəsmi təklif irəli sürməyib. Futbolçunun gələcəyi ilə bağlı qərarın dünya çempionatından sonra veriləcəyi gözlənilir.