ABŞ Maliyyə Nazirliyi İran aviaşirkətləri ilə əməkdaşlıq edən xarici şirkətlərə qarşı sanksiya xəbərdarlığı edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ABŞ Maliyyə naziri Skott Bessent bu barədə “X” sosial şəbəkəsində açıqlama yayıb.
Bessent bildirib ki, sanksiya tətbiq olunan İran aviaşirkətləri ilə hər hansı əməliyyat ABŞ sanksiyalarına məruz qalma riski yaradır. Onun sözlərinə görə, xarici ölkələr öz yurisdiksiyalarında fəaliyyət göstərən şirkətlərin bu təyyarələrə aviasiya yanacağı, qida, eniş xidmətləri və ya texniki baxış kimi xidmətlər göstərməsinin qarşısını almaq üçün tədbirlər görməlidirlər.
ABŞ maliyyə naziri həmçinin qeyd edib ki, Vaşinqton “maksimum təzyiq” siyasəti çərçivəsində İranla əməkdaşlıq edən istənilən üçüncü tərəfə qarşı addım atmaqdan çəkinməyəcək.
Məlumata görə, ötən həftə ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli 19 neft tankerinə və Çin, BƏƏ, Liberiya, Panama, Vyetnam, Virgin adaları, Kayman adaları və Marşal adaları daxil olmaqla bir neçə ölkəyə məxsus 20 şirkətə qarşı sanksiyaları genişləndirib. Siyahıya Çinin iri neft-kimya şirkətlərindən biri olan “Hengli Petrochemical” da daxil edilib.