Ermənistan bazarı üçün Rusiya qazının qiymətləri artırılacaqmı? Ermənistan parlamentinin sədri Alen Simonyan bu ssenarini az ehtimal olunan hesab edir.
“Operativ Məlumat Mərkəzi-OMM” Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.
"Belə söhbətlər yeni deyil və məsələn, qazın və ya malların qiymətləri ilə bağlı müzakirələr uzun illərdir aparılır. Əgər belə bir qərar qəbul edilərsə, Ermənistan öz qərarını verəcək və həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT), həm də Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxacaq", - deyə Alen Simonyan qeyd edib.
O, əlavə edib: "Amma mən düşünmürəm ki, iş bu yerə çatsın, çünki ölkə rəhbərləri arasında çox yaxşı, məhsuldar və səmərəli söhbətin baş tutduğunu da bilirəm".
Spiker vurğulayıb ki, Ermənistan Rusiyaya qarşı heç bir addım atmayıb və atmır: "Biz Rusiyaya qarşı heç nə etməmişik, etmirik və etməyəcəyik, lakin bununla belə Ermənistan Respublikasının maraqlarını müdafiə edəcəyik".
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan da eyni məsələ ilə bağlı bildirib ki, Ermənistan üçün Rusiya qazının qiyməti çox güman ki, dəyişməyəcək. Onun sözlərinə görə, tərəfdaşlar üçün Ermənistanın KTMT və Aİİ tərkibində qalması vacibdir.