Fevralın 10-da ABŞ-nin "P-8A Poseidon" sualtı qayıq əleyhinə patrul təyyarəsi və "MQ-4C Triton" uzunmənzilli pilotsuz uçuş aparatı (PUA) İranın cənub-şərq sahillərində çoxsaylı uçuş həyata keçirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, "P-8A Poseidon" təyyarəsi Bəhreyndəki Şeyx İsa hava bazasından havaya qalxıb.
Bir neçə saat davam edən əməliyyat zamanı Fars körfəzi ilə Oman körfəzi arasında yerləşən Hörmüz boğazı üzərindən uçub. Daha sonra "MQ-4C Triton" pilotsuz təyyarəsi İranın cənub-şərq sahillərində, Oman körfəzində beynəlxalq sular üzərində uzunmüddətli kəşfiyyat uçuşu həyata keçirib.
Hörmüz boğazı, Fars körfəzi və Oman körfəzindəki vəziyyəti izləmək üçün Amerika patrul təyyarələri və ABŞ Hərbi Dəniz Qüvvələrinin pilotsuz təyyarəsi müntəzəm olaraq istifadə olunur.