Rusiya Kiyevə endirilən zərbələr barədə Putinə hesabat verildiyini açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov prezident Vladimir Putinə Kiyev və ətraf bölgələrdə həyata keçirilən kütləvi zərbələrin nəticələri barədə məruzə edib.
Məlumata görə, Rusiya Müdafiə Nazirliyi hücumların əsasən Kiyev və ətraf ərazilərdə yerləşən müdafiə sənayesi müəssisələri və yanacaq-energetika obyektlərinə yönəldiyini bildirib. Eyni zamanda Dnepropetrovsk, Poltava, Çerkassı və Çerniqov vilayətlərində yerləşən hərbi aerodrom infrastrukturlarının da hədəfə alındığı qeyd olunub.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin və Gerasimov arasında Ukraynadakı vəziyyətlə bağlı müzakirələr demək olar ki, hər gün keçirilir, lakin bu görüşlərin əksəriyyəti ictimaiyyətə açıqlanmır.
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-dən Ukraynada hərbi əməliyyatlara başlayıb və Moskva bunu “demilitarizasiya” və “denasifikasiya” məqsədi ilə əsaslandırır. Qərb ölkələri isə buna cavab olaraq Rusiyaya qarşı geniş sanksiyalar tətbiq edib.