Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidmətinin (Rosselxoznadzor) rəhbəri Sergey Dankvert Ermənistandan idxal olunan bir sıra ərzaq məhsullarına qoyulan qadağaların yalnız texniki pozuntularla bağlı olduğunu bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, “Rossiyskaya qazeta”ya verdiyi müsahibədə bu addımın heç bir siyasi motiv daşımadığını vurğulayıb.
Dankvertin sözlərinə görə, qurumun qərarı illərlə toplanmış laboratoriya tədqiqatları, tədarük məlumatları və qeydə alınan pozuntulara əsaslanır.
Əsas problemin istehsalçılar tərəfindən keyfiyyətə nəzarətin zəif olması olduğunu qeyd edən rəsmilər, istehsal və yükləmə mərhələləri arasında daxili nəzarət mexanizmlərinin çatışmazlığına diqqət çəkiblər.
Məsələn, minlərlə dəstə göyərtinin eyni partiyada və bir avtomobildə daşınması nəzarət orqanlarının hər bir məhsul vahidini yoxlamasını çətinləşdirir. Bu isə öz növbəsində fitosanitar təhlükəsizliyin təmin edilməsini mümkünsüz edir.
Qeyd edək ki, Ermənistanın kənd təsərrüfatı məhsulları ixracının 90%-dən çoxu Rusiyanın payına düşür. Hazırda Ermənistanın Qida Təhlükəsizliyi üzrə Müfəttişlik Orqanı ilə birgə yoxlamalar davam edir və bəzi müəssisələr üçün məhdudiyyətlər artıq aradan qaldırılıb.