Son həftələr sosial mediada Azərbaycana, xüsusilə Prezident İlham Əliyevə və onun ailə üzvlərinə qarşı başladılan koordinasiyalı çirkin kampaniya təsadüfi emosional çıxışların məcmusu deyil. Bu, izləri birbaşa Kremlə aparan sistemli, planlı və mərkəzləşdirilmiş informasiya təxribatıdır.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə jurnalist Elçin Əlioğlu məlumat yayıb.
Qeyd edilib ki, bu proses Rusiyanın Azərbaycana qarşı apardığı hibrid müharibənin yeni mərhələsidir.
Əvvəlki mərhələdə əsas alət kiberhücumlar idisə, indi informasiya terroru önə çıxıb. Dövlət qurumlarına, media resurslarına və infrastruktur obyektlərinə qarşı genişmiqyaslı kiberzərbələr endirilib. Bu hücumların texniki arxitekturası, istifadə olunan server zəncirləri və koordinasiya mərkəzləri barədə Azərbaycan tərəfində yetərincə məlumat var. İndi isə taktika dəyişib: hədəf cəmiyyətin psixoloji dayanıqlığıdır.
Azərbaycan isə baş verənləri diqqətlə izləyir. Rusiyanın həm atdığı addımlar, həm də planlaşdırdığı növbəti gedişlər Bakıya məlumdur. Bu təxribatların cavabsız qalacağını düşünmək sadəlövhlükdür. Dövlət öz təhlükəsizlik arxitekturasını qurub və informasiya müstəvisində də adekvat cavab mexanizmlərinə malikdir.
Hibrid müharibə səssiz aparılsa da, nəticələri çox səs-küylü olur. Kreml bunu bilməlidir: Azərbaycan artıq əvvəlki Azərbaycan deyil və təzyiq dili burada işləmir. Rusiya hansı addımı atdığını da, sabah nə planlaşdırdığını da Azərbaycan çox yaxşı bilir.
Heç kim özünü aldatmasın.
Əgər Moskvada kimsə bu təxribatların sərt reaksiya doğurmadan cavabsız qalacağını düşünürsə, bu, təhlükəli bir illüziyadır. Azərbaycan nə təzyiqi qəbul edir, nə də arxadan qurulan oyunları bağışlayır. Hər addımın bir qarşılığı olacaq.