Bakının müxtəlif küçə və prospektlərində yol hərəkətinin təşkili, eləcə də xətlənmə işlərində edilən dəyişikliklər sosial şəbəkə istifadəçiləri tərəfindən müzakirə mövzusuna çevrilib. Xüsusilə, Vaqif prospektindəki yeni xətlənmə sürücülər arasında çaşqınlıq yaradıb. Ərazidən video paylaşan sürücülər zolaqların enindəki fərqliliyin və mikromobillik zolağının kənarındakı çıxıntıların məqsədinin aydın olmadığını qeyd ediblər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən açıqlamada bildirilib ki, işlər görülərkən müvafiq normativlərə tam əməl olunub:
- Zolaqların eni: Vaqif prospektində sağ zolaq sərnişinlərin rahat minib-düşməsi üçün daha geniş layihələndirilib.
- Dayanma qaydaları: Yol boyu quraşdırılan 3.28 yol nişanları və tətbiq olunan həllər, sağ zolaqda qısamüddətli dayanma edən nəqliyyat vasitələrinin ümumi hərəkət axınına maneə yaratmasının qarşısını almaq məqsədi daşıyır.
- Bufer zonalar: Zolaqların başlanğıc və son hissələrində yerləşdirilən yarımdairəvi buferlər nəqliyyat vasitələrinin dayanma ərazisini dəqiqləşdirir. Eyni zamanda, bu elementlər kəsişən küçələrdən prospektə çıxan və ya prospektdən dönən avtomobillərin təhlükəsiz manevr radiusunu təmin edir.