Venesuela Prezidenti Nikolas Maduronun oğlu Nikolas Maduro Querra atasının həbsindən sonra yayılan ilk fotosunun nə vaxt və hansı şəraitdə çəkildiyini açıqlayıb.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Nikolasito ləqəbi ilə tanınan Nikolas Maduro Querra “X” sosial şəbəkəsindəki paylaşımında fotonun Venesuelada 24 iyun tarixində baş verən 7,2 və 7,5 bal gücündə zəlzələlərdən bir gün sonra, iyunun 25-də çəkildiyini bildirib.
Onun sözlərinə görə, fotonu çəkən şəxs həmin vaxt Maduro ilə görüşüb və prezidentin zəlzələdən ciddi şəkildə sarsıldığını, kədərli göründüyünü qeyd edib. Bildirilir ki, Maduro televizor qarşısında oturaraq hadisələri izləyib və həmin gün icazə verilən telefon zəngləri vasitəsilə 4-5 dəfə əlaqə saxlayaraq La Quaira bölgəsindəki vəziyyətlə maraqlanıb.
Nikolasito bildirib ki, atası foto çəkdirmək istəməyib, lakin qarşı tərəfin israrından sonra buna razılıq verib. Onun sözlərinə görə, Maduro bu görüntünün dünyaya onun güclü və müqavimətli olduğunu göstərən mesaj olacağını düşünüb.
Fotonun ailəyə çatdırılması barədə də danışan Nikolas Maduro Querra şəkillərin çap olunmuş formada iyulun 13-də poçt vasitəsilə göndərildiyini və avqustun 25-də ABŞ-dəki ünvana çatdığını bildirib. Ailə fotonu əldə etdikdən sonra onun ictimaiyyətə necə təqdim ediləcəyini müzakirə edib.
Nikolasitonun sözlərinə görə, Nikolas Maduro avqustun 28-də baş tutan telefon danışığı zamanı ictimaiyyətə çatdırılacaq mesajı diktə etdirib. O, valideynlərinin azadlığa qovuşması üçün mübarizəni davam etdirəcəklərini vurğulayıb.
Qeyd edək ki, Nikolas Maduronun avqustun 28-dəki telefon zəngi zamanı mesajı diktə etdirdiyi bildirilib. Maduro 3 yanvarda ABŞ tərəfindən saxlanıldıqdan sonra onun ilk fotoları avqustun 30-da ictimaiyyətə təqdim olunub.
Hadisənin fonunda isə Venesuela rəhbərliyi 3 yanvarda Karakasda baş verən partlayışlardan sonra ABŞ-ni ölkədə hərbi və mülki obyektlərə hücum etməkdə ittiham edib. Həmin dövrdə ABŞ Prezidenti Donald Tramp Maduro və həyat yoldaşı Cilia Floresin ölkədən çıxarıldığını açıqlayıb. ABŞ Ədliyyə Nazirliyi isə onlara narkotik qaçaqmalçılığı və terrorizm də daxil olmaqla ağır ittihamlar irəli sürüb.