Fransanın "PSJ" klubunun rusiyalı qapıçısı Matvey Safonovun gələn il Paris təmsilçisini tərk edə biləcəyi iddia olunur.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, bu barədə Fransanın "L'Équipe" qəzeti məlumat yayıb.
Məlumata görə, "PSJ" rəhbərliyi heyətdə ciddi dəyişikliklər etməyi planlaşdırır və qapıçı mövqeyi üzrə yeni strategiya üzərində işləyir. Paris klubunun yaxın gələcəkdə "Parma"nın yaponiyalı qapıçısı Zion Suzukini transfer etmək istədiyi bildirilir.
Qeyd olunur ki, "PSJ" bu transfer baş tutacağı təqdirdə Suzukini dərhal "Yuventus"a icarəyə göndərməyi, növbəti yay mövsümündən isə onu əsas qapıçı kimi komandaya qaytarmağı planlaşdırır.
Bu ssenari reallaşarsa, Fransa çempionu qapıçılarından biri ilə yollarını ayırmalı olacaq. Mənbənin məlumatına əsasən, klub rəhbərliyi Matvey Safonov və ya Luka Şevalyenin komandadan göndərilməsi variantını nəzərdən keçirir.
Bildirilir ki, yekun qərar qapıçıların yeni mövsümdəki çıxışlarından və əsas heyət uğrunda mübarizədə göstərəcəkləri performansdan asılı olacaq.
Xatırladaq ki, Matvey Safonov 2024-cü ildən "PSJ"nin formasını geyinir. Rusiyalı qapıçı ötən mövsüm bütün turnirlər üzrə 26 oyunda meydana çıxıb və qapısında 27 qol görüb.