Azərbaycanda yanvarın 25-də havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.
“Operativ Məlumat Mərkəzi-OMM”-in xəbərinə görə, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq və əsasən yağmursuz keçəcək. Səhər saatlarında bəzi ərazilərdə zəif duman və az çiskin ehtimal olunur. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1–4 dərəcə isti, gündüz isə 5–8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70–80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava şəraiti gözlənilir. Ayrı-ayrı yerlərdə arabir duman müşahidə olunacaq, mülayim qərb küləyi əsəcək.
Temperatur gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6–10 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 5–10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.
Gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlaması ehtimal olunur.