Fevralın 18-də Azərbaycanda gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq.
Gün ərzində əsasən yağmursuz hava müşahidə edilsə də, səhər bəzi yerlərdə az çiskinli olacağı, axşam isə yağış yağacağı ehtimal edilir. Arabir güclənən şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.
Paytaxtda havanın temperaturu gecə 3-6° isti, gündüz 9-14° isti təşkil edəcək. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm-ə enəcək. Nisbi rütubət gecə 75-80%, gündüz isə 60-65% olacaq.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı, ayrı-ayrı ərazilərdə intensivləşəcəyi, dağlıq zonalarda isə qar yağacağı gözlənilir.
Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Bölgələrdə temperatur gecə 1-6° isti, gündüz 9-14° isti, dağlarda isə gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacaq.