İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, məktubda deyilir:
"Zati-aliləri, Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı səmimi-qəlbdən təbrik edirəm".
Məktubda qeyd olunur ki, İran və Azərbaycan xalqlarını çoxsaylı tarixi, sivil, mədəni, dini və dil ortaqlıqları birləşdirir. Bu bağların ölkələr arasındakı dostluğu daha da möhkəmləndirdiyi və sarsılmaz etdiyi vurğulanıb. Həmçinin, Azərbaycanın müstəqilliyini bərpa etdiyi dövrdən etibarən İranın ikitərəfli əlaqələrin inkişafına hər zaman dəstək verdiyi xatırladılıb.
Məsud Pezeşkian iki ölkə arasındakı münasibətlərdə müşahidə olunan dinamik prosesdən məmnunluğunu ifadə edərək, bu əməkdaşlığın ikitərəfli, regional və beynəlxalq müstəvidə daha da sürətlə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. Sonda İran Prezidenti Azərbaycan xalqına rifah və əmin-amanlıq, dövlət başçısına isə cansağlığı və uğurlar arzulayıb.