Azərbaycanın reallaşdırdığı enerji siyasəti öz müsbət nəticələrini verməkdə davam edir. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin "Bakı Enerji Həftəsi" iştirakçılarına ünvanladığı müraciətdə bildirilib.
Dövlət başçısı cari ilin enerji sektoru üçün bir sıra əlamətdar məqamlarla yadda qaldığını vurğulayıb:
- "Şahdəniz" qaz yatağı üzrə Hasilatın Pay Bölgüsü Sazişinin imzalanmasından 30 il ötür.
- Yataqdan kommersiya qaz hasilatına başlanılmasının isə 20 illiyi qeyd olunur.
Prezident qeyd edib ki, bu tarixi məqamlar Azərbaycanın qlobal enerji bazarındakı mövqeyinin möhkəmliyini və ölkənin enerji strategiyasının uğurlu icrasını bir daha sübut edir.
Müraciətdə müasir dünyada enerji sektorunun dayanıqlı inkişafın təməl daşlarından biri olduğu diqqətə çatdırılıb: "Müasir geosiyasi proseslər göstərir ki, enerji təhlükəsizliyinin etibarlı təminatı enerji mənbələrinin şaxələndirilməsi və innovativ texnologiyaların tətbiqi ilə birbaşa bağlıdır. Bu baxımdan, bərpa olunan enerji və aşağı karbon texnologiyalarına investisiyalar sürətlə artır. Enerji keçidi artıq yalnız ekoloji məsələ deyil, həm də iqtisadi təhlükəsizlik və rəqabətqabiliyyətlilik amilinə çevrilib".