ABŞ-nin Prezidenti Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner Qətərin paytaxtı Dohada İranın nüvə proqramı ilə bağlı müsbət nəticələnən görüşlər keçiriblər.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi ABŞ administrasiyasındakı yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, amerikalı diplomatlar region liderləri ilə konstruktiv dialoq aparıblar. Mənbənin sözlərinə görə, İranla texniki səviyyədə keçirilən danışıqlarda da irəliləyiş əldə olunub.
Məlumata görə, tərəflər son dövrdə baş verən və kövrək atəşkəs rejimini təhlükə altına alan hücumlardan sonra regionda gərginliyin azaldılması istiqamətində səylərini davam etdirirlər.
Qeyd olunub ki, danışıqlarda hələ də həllini gözləyən bir sıra mühüm məsələlər qalır. Bunlara milyardlarla dollar dəyərində dondurulmuş İran aktivlərinin sərbəst buraxılması, həmçinin müharibədən əvvəl dünya nefti və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən beşdə birinin daşındığı boğazın idarə olunması ilə bağlı məsələlər daxildir.
Bununla yanaşı, Qətərin Xarici İşlər Nazirliyi bildirib ki, ölkənin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Əl Tani ABŞ-nin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə görüş keçirib. Görüş zamanı ABŞ-İran danışıqları, regiondakı son hadisələr və Livanda atəşkəsin təmin olunması məsələləri müzakirə edilib.
Eyni zamanda, böhranlı vəziyyətlərin idarə olunması məqsədilə İranın İslam İnqilabı Keşikçiləri Korpusu ilə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı arasında birbaşa əlaqə kanalının fəaliyyət göstərdiyi və bu mexanizmdən artıq istifadə olunmağa başlandığı bildirilib.