Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospektindəki obyektdə baş vermiş yanğın mürəkkəbliyinə baxmayaraq daha geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.
Həyata keçirilən tədbirlər çərçivəsində FHN-in qüvvələri tərəfindən yanğın ərazisində sahibkarlara məxsus mal-materialların yanğından qorunması məqsədilə təhlükəsiz əraziyə daşınması təmin olunub.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən obyektlərdən birində baş vermiş yanğın nəticəsində metronun “20 Yanvar” və “Koroğlu” stansiyaları istiqamətində nəqliyyat sıxlığı müşahidə olunub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi polis əməkdaşlarının sıxlığın aradan qaldırılması və hərəkətin tənzimlənməsi üçün operativ tədbirlər gördüyünü açıqlayıb.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyəsi, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə və qurtarma qüvvələrinin maneəsiz fəaliyyəti təmin olunur.
FHN-in “112” qaynar telefon xəttinə yanğın barədə məlumat daxil olub.
Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumatlar yanğın söndürülən kimi ictimaiyyətə təqdim olunacaq.