Fransanın cənub-şərqində yerləşən Oranj şəhərində polis yaşayış mənzilində apardığı axtarış zamanı karton qutuların içərisində beş yeni doğulmuş körpəyə aid olduğu ehtimal edilən sümük qalıqları aşkarlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, hadisə 32 yaşlı qadının bazar günü evdə sağlam uşaq dünyaya gətirməsindən və daha sonra xəstəxanaya yerləşdirilməsindən sonra üzə çıxıb.
Qadınla birlikdə yaşayan 32 yaşlı həyat yoldaşı onun hamilə olduğunu gec fərq etdiyini bildirib.
Evdə apardığı yoxlama zamanı insan qalıqlarına bənzər hissələr aşkar edən kişi bu barədə xəstəxanaya məlumat verib, bundan sonra hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.
Məhkəmə-tibb ekspertinin ilkin rəyinə əsasən, tapılan qalıqların beş yeni doğulmuş körpəyə aid olduğu ehtimal edilir. Dəqiq nəticənin meyitlərin ekspertizasından sonra məlum olacağı bildirilib.
Məlumata görə, cütlüyün 8 və 9 yaşlarında daha iki övladı da var. İstintaq davam edir və polis hələlik ana ilə ifadə ala bilməyib.
Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə istintaq başlanılıb.