Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə içməli və suvarma suyu ilə bağlı vəziyyətin kritik həddə çatdığını bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Paşinyan Dilican şəhərində keçirilən “Su sektorunda islahatlar 2026–2031” mövzusunda seminarda çıxış edib.
Məlumata görə, Baş nazir Ermənistanda su təchizatı ilə bağlı ciddi problem yaşamayan heç bir yaşayış məntəqəsinin qalmadığını bildirib. O, əkin sahələri və bağların yalnız kiçik hissəsinin lazımi suvarma imkanlarına malik olduğunu qeyd edib.
Paşinyan mövcud suvarma sistemlərinin müasir standartlara cavab vermədiyini vurğulayıb. Onun sözlərinə görə, hazırda bir neçə hektar ərazinin suvarılması üçün sərf olunan suyun daha səmərəli texnologiyalarla onlarla hektarlıq sahəyə kifayət etməsi mümkündür.
Baş nazir ölkədə minlərlə hektar əkinəyararlı torpağın istifadəsiz qaldığını və su çatışmazlığının müasir kənd təsərrüfatının inkişafına mane olduğunu bildirib.
Paşinyan həmçinin istifadə olunmuş suların təmizlənməsi ilə bağlı vəziyyəti tənqid edib. O, Ermənistanda suyun təmizlənməsinin qayda deyil, istisna halı olduğunu deyərək, bunun ciddi ekoloji fəsadlara səbəb olduğunu vurğulayıb.
Hökumət başçısı su ehtiyatlarının toplanması və səmərəli idarə olunması üçün yeni strategiyaların hazırlanmasının vacibliyini qeyd edib.