Ermənistanda fəaliyyət göstərən səfirliklər öz vətəndaşlarını ölkənin sərhədyanı rayonlarına səfər etməməyə çağırmağa son qoymalıdır.
“Operativ Məlumat Mərkəzi-OMM” yerli KİV-ə istinadən xəbər verir ki, bu tələbi hökumət iclasında Ermənistanın Baş naziri Nikol Paşinyan səsləndirib.
Baş nazirin sözlərinə görə, əvvəlki illərdə bəzi diplomatik nümayəndəliklər vətəndaşlarını sərhədyanı əraziləri, xüsusilə strateji əhəmiyyətli Sünik vilayətini ziyarət etməkdən çəkinmələri barədə mütəmadi xəbərdar edirdilər.
İclas zamanı xarici işlər naziri Ararat Mirzoyana birbaşa müraciət edən hökumət rəhbəri bildirib: "Cənab Mirzoyan, bu səfirliklərlə işləmək lazımdır ki, onlar bu cür xəbərdarlıqları davam etdirməsinlər".
N.Paşinyan vurğulayıb ki, beynəlxalq hesabatlarda Ermənistan cinayət səviyyəsi baxımından təhlükəsiz ölkə kimi xarakterizə olunur və 2025-ci il üzrə statistik məlumatlar da bu faktı təsdiqləyir.