Ermənistanın baş naziri Nikol Paşinyan ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində son 8 ildə həyata keçirilən proqramların gözlənilən nəticəni vermədiyini bildirib. O, bunun əsas səbəblərindən birinin biznes sektorunun iqtisadi dəyişikliklərə kifayət qədər maraq göstərməməsi olduğunu deyib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Paşinyan hökumətin iclasında çıxışı zamanı biznesin dəyişən iqtisadi şəraitə uyğunlaşmasının vacibliyini vurğulayıb.
“Biz nə qədər danışsaq da, biznes özü də anlamalıdır ki, daim adaptasiya olunmaq lazımdır. İqtisadi əlaqələrdə hər hansı bir tərəfdaşın dominant mövqeyə sahib olması dövlət təhlükəsizliyi üçün birbaşa təhdiddir”, – deyə Paşinyan bildirib.
Ermənistan hökuməti dəyişən tədarük zəncirlərinin yerli şirkətlər üçün yaratdığı çətinlikləri azaltmaq məqsədilə ixracatçılara maliyyə dəstəyi göstərir.
Xüsusilə Rusiyaya ixrac sahəsində yaranan məhdudiyyətlərdən zərər çəkən sahibkarlar üçün 5 milyard 365 milyon dram, yəni təxminən 14,5 milyon dollar məbləğində kompensasiya ayrılıb.
Ermənistanın iqtisadiyyat nazirinin müavini vəzifəsini icra edən Arman Xocoyan isə ölkənin ixrac göstəriciləri barədə məlumat verib. Onun sözlərinə görə, iyun və iyul aylarında Ermənistandan müxtəlif ölkələrə pomidor, ərik, albalı, gül və digər kənd təsərrüfatı məhsulları ixrac olunub.
Bununla belə, Rusiya Ermənistanın kənd təsərrüfatı məhsulları üçün əsas ixrac bazarı olaraq qalır. Məlumata görə, ölkənin kənd təsərrüfatı məhsullarının ixracının 90 faizindən çoxu Rusiyanın payına düşür.
Bu vəziyyət Ermənistanın iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı problemləri də üzə çıxarır. İxracın böyük hissəsinin tək bir bazardan asılı olması tədarük zəncirində və ya həmin ölkənin tətbiq etdiyi qaydalarda dəyişiklik baş verdikdə Ermənistan şirkətlərini ciddi risk qarşısında qoyur.
Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (“Rosselxoznadzor”) may ayından etibarən Ermənistandan Rusiyaya daxil olan bitki mənşəli məhsullara, o cümlədən meyvə-tərəvəz və balıq məhsullarına mərhələli şəkildə məhdudiyyətlər tətbiq edir.
Rusiya tərəfi qərarını fitosanitar və baytarlıq tələblərinin pozulması ilə əsaslandırır.
Yaranmış vəziyyət Ermənistan hökumətinin qarşısında ixrac bazarlarının genişləndirilməsi və ölkə iqtisadiyyatının ayrı-ayrı tərəfdaşlardan asılılığının azaldılması məsələsini yenidən aktuallaşdırıb.