Macarıstanın Baş naziri Viktor Orban ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında ikitərəfli görüşün keçirilməsi ilə bağlı razılıq əldə olunub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, Macarıstan hökumətinin rəhbəri tərəflərin yaxın vaxtlarda birbaşa təmas quracağını təsdiqləyib. O bildirib ki, Ukrayna lideri ilə telefon danışığı aparılıb və görüşün formatı ilə bağlı razılıq əldə olunub.
Bununla yanaşı, Budapeştin Ukrayna siyasətində dəyişiklik olmadığı qeyd edilib. Macarıstan humanitar yardımların davam etdiriləcəyini bildirsə də, Ukraynaya silah tədarükü və ya hərbi kontingentin göndərilməsi məsələsini dəstəkləmir.
Macarıstan Baş naziri daha əvvəl Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı danışıqların sürətləndirilməsinə qarşı çıxmışdı. O, Brüssel və Kiyev arasında üzvlük prosesinin ilkin mərhələsinin başlamasından dərhal sonra növbəti mərhələlərə keçilməsini düzgün hesab etmədiyini bildirib.
Budapeştin mövqeyinə görə, Ukraynanın Aİ-yə üzvlük prosesi ilə bağlı qərarlar daha geniş müzakirələrdən sonra qəbul edilməlidir.