Süni intellekt sahəsində dünya liderlərindən olan "OpenAI" şirkəti ABŞ-dəkı bəzi istifadəçilər üçün "ChatGPT" platformasında reklamların nümayişinə başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" şirkətə istinadən xəbər verir ki, reklamlar yalnız pulsuz versiya və "Go" tarif planından istifadə edən yetkinlik yaşına çatmış şəxslərə göstəriləcək.
Qeyd olunub ki, ödənişli abunəlikləri olan ("Plus", "Pro", "Business", "Enterprise" və "Education") istifadəçilər reklam görməyəcəklər.
Şirkət rəsmiləri bildiriblər ki, reklamların göstərilməsi çat-botun cavablarına təsir etmir və söhbətlərin məxfiliyi tam qorunur. Reklamverənlərin çatların məzmununa, tarixçəsinə və ya şəxsi məlumatlara çıxışı olmayacaq.

Reklam blokları "ChatGPT" cavablarından vizual olaraq ayrılacaq və xüsusi işarələnəcək. İstifadəçilər tənzimləmələr bölməsindən fərdiləşdirməni idarə edə və ya reklam tarixçəsinə baxa biləcəklər.