ABŞ-nin Yaxın Şərqdə yerləşən hərbi bazalarının İsrailə köçürülməsi ehtimalı ilə bağlı müzakirələr aparılır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İsrailin "Israel Hayom" qəzetinin məlumatına görə, rəsmi Tel-Əvivdə ABŞ bazalarının ölkənin cənubunda yerləşən Negev səhrasına köçürülməsi məsələsi müzakirə edilib.
Məlumata görə, bununla bağlı yüksək səviyyəli amerikalı rəsmilərlə ilkin danışıqlar aparılıb. Hələlik yekun qərarın qəbul edilmədiyi, lakin tərəflər arasında məsləhətləşmələrin davam etdiyi bildirilib.
Qeyd olunub ki, hazırda ABŞ-nin Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Qətərdə hərbi bazaları mövcuddur. Bu obyektlərin İranın raket imkanları daxilində yerləşməsi Vaşinqton üçün təhlükəsizlik riski kimi qiymətləndirilir.
Bildirilib ki, bazaların İsrailə köçürülməsi ABŞ üçün Yaxın Şərqdə əməliyyat imkanlarını genişləndirə, kəşfiyyat əməkdaşlığını gücləndirə və inkişaf etmiş hərbi infrastruktura çıxışı təmin edə bilər.
Məlumata əsasən, İsrailin təklif etdiyi üstünlüklər sırasında regiondakı əsas əməliyyat zonalarına coğrafi yaxınlıq, güclü hava hücumundan müdafiə sistemləri və iki ölkə arasında strateji əməkdaşlıq göstərilir.
Bununla yanaşı, İsraildə bu addımla bağlı müəyyən narahatlıqların olduğu qeyd olunur. Ekspertlər hesab edirlər ki, ABŞ hərbi qüvvələrinin ölkə ərazisində daimi yerləşməsi İsraili İran və digər regional qüvvələr üçün daha böyük hədəfə çevirə bilər.
Qeyd edək ki, son dövrlərdə ABŞ və İran arasında artan gərginlik fonunda bölgədə qarşılıqlı hərbi addımlar müşahidə olunur. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazında ticarət gəmilərinə hücumlarına cavab olaraq bölgədə 80-dən çox hədəfin vurulduğunu açıqlamışdı. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə ABŞ-nin Bəhreyn və Küveytdəki hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini bildirmişdi.