Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsinin ofisinin keçmiş rəhbəri Liparit Drmeyanla bağlı ciddi iddialar səsləndirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Paşinyan keçirdiyi brifinqdə hüquq-mühafizə orqanlarına müraciət edərək Drmeyanın fəaliyyəti və əmlakı ilə bağlı araşdırma aparılmasını tələb edib.
Baş nazir iddia edib ki, Drmeyan hökumət binasında çalışdığı dövrdə dövlət maraqlarından çox şəxsi maraqlara xidmət edib. Paşinyan onu “Troya atı” adlandıraraq, fəaliyyəti ilə bağlı mümkün korrupsiya hallarının araşdırılmalı olduğunu bildirib.
Paşinyan qeyd edib ki, Drmeyanın işdən uzaqlaşdırılmasından sonra Samvel Karapetyan tərəfinin Arbitraj Məhkəməsindəki mövqeyi zəifləyib. O, hökumətin mövqeyi ilə ziddiyyət təşkil edən yanaşmaların dövlət strukturlarında qəbuledilməz olduğunu vurğulayıb.
Baş nazir bildirib ki, onun siyasəti ilə razılaşmayan və fərqli mövqe nümayiş etdirən şəxslər ya istefa verməli, ya da vəzifələrindən kənarlaşdırılmalıdır.
Qeyd edək ki, Liparit Drmeyan vəzifəsindən azad edildikdən sonra keçmiş ombudsman Arman Tatoyanın rəhbərlik etdiyi “Birlik qanadları” partiyasından deputatlığa namizəd olub.