İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ ilə birgə həyata keçirilən hərbi əməliyyatların İran rejimindən gələn "ekzistensial təhdidə" qarşı yönəldiyini bəyan edib.
“Operativ Məlumat Mərkəzi-OMM”-in xəbərinə görə, Benyamin Netanyahu vurğulayıb ki, həyata keçirilən hava zərbələri İranın ayətullah rejimi tərəfindən yaradılan təhlükəni sonlandırmaq məqsədi daşıyır.
Baş nazirin sözlərinə görə, bu hücumlar İsrail dövlətinin varlığına qarşı yönəlmiş risklərin qarşısını almaq üçün strateji əhəmiyyət kəsb edir.
İsrail ordusunun hədəf aldığı nöqtələr barədə məlumat verən Netanyahu, əməliyyatın miqyasını belə açıqlayıb:
- İnqilab Keşikçiləri Korpusu (SEPAH): Qrumun hərbi infrastrukturuna ciddi zərbələr endirilib.
- "Bəsic" qüvvələri: İranın könüllülərdən ibarət hərbi birləşmələrinin mərkəzləri hədəf alınıb.
- Ballistik raket bazaları: Tehranın raket potensialını zəiflətmək üçün strateji əhəmiyyətli raket sahələri məhv edilib.
Bu əməliyyat, bölgədəki gərginliyin artdığı bir dövrdə İranın hərbi gücünə və idarəetmə strukturuna qarşı yönəlmiş ən sərt addımlardan biri kimi qiymətləndirilir.