Naxçıvan Muxtar Respublikasında yeni Baş nazir vəzifəsinə Cabbar Musayev gətirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qərar Naxçıvan MR Ali Məclisi tərəfindən Azərbaycan Prezidentinin təqdimatı əsasında qəbul olunub.
Cabbar Musayev 1981-ci il yanvarın 10-da Naxçıvan şəhərində anadan olub. Ali təhsilini Ankara şəhərində almış, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. İqtisad üzrə fəlsəfə doktorudur.
Karyerası ərzində 2004–2013-cü illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi və sektor müdiri vəzifələrində çalışıb. 2013–2016-cı illərdə Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı MMC-də direktor müavini olub. 2016-cı ilin aprelindən isə Dövlət Statistika Komitəsinin aparat rəhbəri vəzifəsini icra edib.
Cabbar Musayev həmçinin dövlət qulluğunun müşaviridir və Azərbaycan Prezidentinin 2021-ci il 23 iyun tarixli sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub. 4 noyabr 2024-cü il tarixində Azərbaycan Prezidentinin sərəncamı ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.