ABŞ və İran arasında davam edən hərbi qarşıdurmalar qlobal bazarlarda narahatlıqları artırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın İranla razılaşma prosesinin dayandırıldığını açıqlaması və ardınca ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) İrandakı hərbi hədəflərə zərbələr endirməsi investorların risk iştahına mənfi təsir göstərib.
Məlumata görə, regionda gərginliyin artması fonunda enerji daşıyıcılarının qiymətləri yüksəlib. "Brent" markalı neftin bir barelinin qiyməti iyunun 22-dən sonra ilk dəfə 80 dollar həddini keçib.
Bildirilib ki, enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyan Hörmüz boğazından keçən tankerlərin sayında azalma müşahidə olunur. Analitiklərin fikrincə, bəzi gəmilər təhlükəsizlik səbəbindən izləmə sistemlərini söndürür və bu vəziyyət neft daşımaları ilə bağlı qeyri-müəyyənliyi artırır.
Qeyd olunub ki, ABŞ Federal Ehtiyat Sisteminin (Fed) son iclas protokollarında inflyasiya təzyiqlərinin davam edəcəyi halda faiz artımlarının mümkünlüyü vurğulanıb. Qurum rəsmiləri süni intellektə olan tələbatın artması və geosiyasi qarşıdurmaları əsas risk amilləri kimi qiymətləndiriblər.
Məlumata əsasən, Beynəlxalq Valyuta Fondu (IMF) qlobal iqtisadi artım proqnozunu 3,1 faizdən 3 faizə endirib.
Bildirilib ki, qlobal fond bazarlarında da mənfi dinamika müşahidə olunur. "S&P 500" və "Dow Jones" indeksləri geriləyib, "Nasdaq" isə cüzi artım göstərib. Avropa bazarlarında da geosiyasi risklər səbəbindən satış təzyiqi güclənib.
Asiya bazarlarında qarışıq mənzərə qeydə alınıb. Yaponiyanın "Nikkei 225" indeksi yüksəlsə də, digər regional birjalarda eniş müşahidə olunub. "Borsa İstanbul"da "BIST 100" indeksi 2,12 faiz azalaraq 14.189,96 bənd səviyyəsində qərarlaşıb.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Zirvəsinin uğurla başa çatdığını və bunun Türkiyə diplomatiyasına olan etimadın göstəricisi olduğunu bildirib.