Siciliyada yerləşən muzeylərdən birindən tarixi və qiymətli sənət əsərləri oğurlanıb.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, İtaliyanın “Ansa” xəbər agentliyinin məlumatına əsasən, istintaq orqanları əsərlərin “qara bazar” üçün xüsusi sifariş əsasında oğurlandığı versiyasını araşdırır.
İlkin məlumatlara görə, oğrular təhlükəsizlik və siqnalizasiya sistemlərini işə salmadan muzeyə daxil olmağı bacarıblar.
Muzeyin direktoru Marisa Mercurio hadisənin şənbə günü yerli vaxtla saat 21:50 radələrində baş verdiyini ehtimal edir. O, oğurluğun həm muzey, həm şəhər, həm də dünya mədəniyyəti üçün böyük itki olduğunu bildirib.
Oğurlanan sənət əsərləri arasında erkən Rönesans dövrünün məşhur nümayəndəsi Antonello da Messinanın 1473-cü ildə çəkdiyi “San Gregorio Poliptiği” də yer alır. Əsərdə Məryəm Ana və körpə İsa təsvir olunub.
Bundan əlavə, üzərində Madonna və Məsihin təsvirləri olan, xüsusi ibadət məqsədilə istifadə edildiyi ehtimal edilən kiçik ikitərəfli panelin də oğurlandığı bildirilir.
Messina şəhərinin meri Federiko Bazile hadisəyə sərt münasibət bildirib. O, şəhərin tarixi irsinin talan edilməsinə imkan verməyəcəklərini və cinayəti törədən şəxslərin müəyyənləşdirilməsi üçün bütün imkanların səfərbər ediləcəyini vurğulayıb.
Qeyd edək ki, Siciliyadakı hadisə Avropada muzeyləri hədəf alan son oğurluq hadisələrindən biridir.
Yaxın vaxtlarda İtaliyanın sənət cinayətləri üzrə xüsusi bölməsi Parma yaxınlığındakı muzeydən oğurlanan Sezann, Renuar və Matissə məxsus üç əsərin tapıldığını açıqlamışdı.
Bundan başqa, ötən ilin sonlarında Parisdə yerləşən “Louvre” muzeyinə daxil olan cinayətkar qrupun milyonlarla avro dəyərində tarixi zinət əşyalarını oğurladığı bildirilmişdi.