Kuba hakimiyyəti ölkənin milli elektrik şəbəkəsinin böyük hissəsinin bərpa edildiyini açıqlayıb. Lakin yanacaq çatışmazlığı səbəbindən elektrik istehsalı hələ də əhalinin tələbatını tam ödəyə bilmir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Kuba enerji operatoru "UNE" məlumat yayıb.
Məlumata görə, elektrik şəbəkəsi qərbdə yerləşən Pinar del Rio bölgəsindən şərqdəki Holguin əyalətinə qədər yenidən işə salınıb. Buna baxmayaraq, ölkənin ikinci ən böyük şəhəri olan Santyaqo-de-Kuba hələ də ciddi enerji çatışmazlığı ilə üzləşir.
Paytaxt Havana şəhərində də vəziyyət tam sabit deyil. Şəhərin böyük hissəsinə elektrik enerjisinin verilməsi bərpa olunsa da, axşam saatlarında yenidən kəsintilər qeydə alınıb.
Yerli sakinlər vəziyyətin qısa müddətdə həll olunacağına ümidlərini azaldıblar. Havana sakini Amauri Qonzales bildirib ki, elektrik stansiyalarının köhnəlməsi və yanacaq çatışmazlığı problemin əsas səbəblərindəndir.
Elektrik böhranı beynəlxalq müstəvidə də müzakirələrə səbəb olub. Kuba hökumətinin müraciətindən sonra BMT Baş Assambleyasında ABŞ-nin ölkəyə qarşı tətbiq etdiyi sanksiyalar və yanacaq məhdudiyyətləri müzakirə edilib.
Bir sıra ölkələr Vaşinqtonu Kubaya qarşı tətbiq olunan məhdudiyyətlərə yenidən baxmağa çağırıb. ABŞ-nin BMT-dəki nümayəndəsi Maykl Uoltz isə məsuliyyətin Kuba hökumətinin siyasətində olduğunu bildirib və Havana rəhbərliyini dəyişikliklərə çağırıb.