Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. Proses Bakı şəhərinin Xətai, Nərimanov, Qaradağ, Suraxanı, Səbail, Pirallahı rayonlarında, Gəncə (I hissə), Samux, Yevlax, Şəmkir (I hissə), Ağstafa, Şəki, Lənkəran (I hissə), Astara, Yardımlı, Ağdam (o cümlədən Kəngərli, Xıdırlı kənd tam orta məktəbləri) Ağcabədi, Şuşa, Xankəndi (Şəhər 4 nömrəli məktəb və Kərkicahan kənd tam orta məktəbi), Kəlbəcər (Şəhər 1 nömrəli məktəb), Xocalı (Şəhər 1 nömrəli və Ballıca kənd tam orta məktəbləri), Ucar, Zərdab, Şamaxı, İmişli, Hacıqabul, Biləsuvar, Qusar, Siyəzən, Xızı və Şabranda baş tutub.
9 illik Buraxılış İmtahanında Neçə Şagird İştirak Edib? (Statistika)
Dövlət İmtahan Mərkəzindən “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən məlumata görə, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 207 imtahan binası və 3664 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 601 imtahan rəhbəri və ümumi rəhbər, 4554 nəzarətçi, 670 buraxılış rejimi əməkdaşı (mühafizə) və 207 bina nümayəndəsi cəlb edilib.
İmtahanda ümumilikdə 49701 şagirdin iştirakı gözlənilirdi.
Prosesdə 54 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də xüsusi şərait yaradılıb.
İmtahanda Qayda Pozuntuları və Təxirə Salınan Hallar
Qeyd edək ki, mövcud hava şəraiti ilə əlaqədar Çilov adasına helikopter uçuşu və gəmi ilə gedişlər təxirə salındığı üçün oradakı imtahan vaxtı da dəyişdirilib. İmtahan tarixi dəqiqləşəndə həmin şagirdlərə (3 nəfər) məlumat veriləcək.
İlkin məlumatlara əsasən, 4 nəfərdə mobil telefon aşkar edildiyi üçün onlar imtahandan xaric edilib və hazırda araşdırma aparılır.
Həmçinin, imtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də qeydə alınıb.
Şagirdlərin Nəzərinə: İmtahana Hansı Sənədlər Tələb Olunur?
Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə bir daha xatırladırıq ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini və şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməyi unutmasınlar.
Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) mütləq təqdim etməlidirlər.
DİM İmtahan Nəticələrini Nə Vaxt Elan Edəcək?
Aprelin 6-dan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.
İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən, nəticələrin 6 həftədən sonra elan olunması nəzərdə tutulur.
Xatırladaq ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.
İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin rəsmi saytına yerləşdiriləcək.