Türkiyə Prezidentinin köməkçisi Cövdət Yılmaz ölkədə terrorun kökünün kəsilməsi prosesində media və ictimaiyyətin məsuliyyətli davranmasının vacibliyini vurğulayıb.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Yılmaz bu barədə 11-ci “Anadolu Media Mükafatları”nın təqdimetmə mərasimində çıxışı zamanı danışıb.
Məlumata görə, Yılmaz cəmiyyəti və media qurumlarını mümkün təxribatlara və dezinformasiya cəhdlərinə qarşı diqqətli olmağa çağırıb.
“Siyasətin, medianın və xalqımızın ortaq məsuliyyət hissi ilə hərəkət etməsi bu prosesin uğurla nəticələnməsi üçün böyük əhəmiyyət daşıyır. Biz olduqca həssas bir dövrə qədəm qoymuşuq. Media mənsubları başda olmaqla, ictimaiyyətə mesaj ötürən hər bir şəxsin istifadə etdiyi dilə və formalaşdırdığı təsirə xüsusi diqqət yetirməsi gözləntimizdir”, – deyə Cövdət Yılmaz bildirib.
Prezident Kompleksində keçirilən mərasimdə Türkiyənin İctimai Televiziya və Radio Yayımları Qurumu (“TRT”) üç mükafata layiq görülüb.
Tədbirdə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran da iştirak edib.
Mükafatlandırma zamanı “TRT TABİİ” platformasında yayımlanan “Şule Senin Hikayen” serialı “İlin platforma serialı” seçilib. Mükafatı “TRT”nin baş direktoru Mehmet Zahid Sobacı qəbul edib.
Bundan əlavə, “TRT Kürdi” kanalı “İlin televiziya kanalı” adına layiq görülüb.
“TRT Haber” kanalının aparıcısı Fatih Çimen isə “İlin xəbər aparıcısı” mükafatını qazanıb.