Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum "COP31 Business Forum-Türk İş Dünyası İstişare Toplantısı"nda çıxışı zamanı iqlim dəyişikliyi ilə mübarizədə özəl sektorun roluna toxunub.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, nazir qeyd edib ki, 6 fevral 2023-cü ildə baş verən zəlzələlərdən sonra şəhərlərin yenidən qurulması prosesində iş dünyası ilə sıx əməkdaşlıq edilib və bu, uğurlu nəticələr verib.
Kurumun sözlərinə görə, həmin dövrdə qəbul edilən qərarlar sadəcə niyyət olaraq qalmayıb, real addımlara çevrilib.
Nazir Türkiyənin yerli avtomobili olan "Togg"-un bu əməkdaşlığın ən parlaq nümunələrindən biri olduğunu vurğulayıb.
O, "Togg"-un ətraf mühitə dost, iqlimə uyğun və yeni nəsil texnologiyaların təcəssümü olduğunu bildirib. İndi isə Türkiyə bu güclü əməkdaşlığı daha geniş miqyasda – COP31 prosesində tətbiq etməyi hədəfləyir.
Murat Kurumun fikrincə, COP31 sadəcə beynəlxalq bir zirvə deyil, həm də Türkiyənin real sektorunun yaşıl transformasiya potensialını dünyaya nümayiş etdirəcəyi bir dönüş nöqtəsidir.
Nazir vurğulayıb ki, hazırkı qlobal ticarət qaydaları "yaşıl transformasiya" oxu ətrafında yenidən formalaşır və Avropa İttifaqının Sərhəddə Karbon Tənzimləmə Mexanizmi ixracat və bazar payı üçün əsas şərtdir.
Sonda Murat Kurum iş dünyasına müraciət edərək, COP31-ə qədər yaşıl transformasiya öhdəliklərini və konkret layihələri hazırlamağa çağırıb. O, iqlim fəaliyyətinin artıq təkcə ekoloji siyasət deyil, həm də rəqabətqabiliyyətlilik, ixracat və məşğulluq siyasəti olduğunu xatırladıb.