Cərimə protokolları ilə bağlı yeni qayda: Sürücüləri nə gözləyir?
Milli Məclis sürücüləri yaxından maraqlandıran parklanma və dayanma qaydalarının pozulmasına görə cərimə protokollarının təqdim edilməsi qaydasında mühüm dəyişikliyi qəbul edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı "Yol hərəkəti haqqında" qanuna təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, dayanma, durma və parklanma qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən cərimə qərarının surətinin nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulması tələbi rəsmən aradan qaldırılır.
Bildirilib ki, bu sənədlərin çatdırılması real vaxt rejimində (elektron) həyata keçirildiyi üçün kağız formatın aradan qalxması zərurəti yaranıb.
Kağız protokollar ləğv edilir: Cərimə bildirişləri necə çatdırılacaq?
Bundan əlavə, qanun layihəsində bildirilib ki, "Yol hərəkəti haqqında" Qanunda nəzərdə tutulmuş nəqliyyat vasitələrinin dövlət qeydiyyatı, texniki baxış, sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi qaydalarını tənzimləyən normalarda yeni öhdəlik müəyyən edilir. Belə ki, barələrində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxslərə sənədlərin elektron çatdırılması mütləq olacaq.
İnzibati Xətalar Məcəlləsinə əsasən, əvvəllər qərarın rəsmi verilməsi həmin qərarın yazıldığı vaxt hesab olunurdu. Təklif edilən yeni dəyişiklikdə isə sənədlərin rəsmi verilməsi vaxtı sürücüyə SMS məlumat çatdırıldığı vaxt və ya müvafiq elektron sənədlərlə tanış olduğu vaxt hesab ediləcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.