Milli Məclisdə təhsil sahəsini əhatə edəcək yeni qanun layihəsinin hazırlanaraq müzakirəyə çıxarılması təklif olunub. Təşəbbüs parlamentin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında səsləndirilib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, çıxış edən deputat Vasif Qafarov bildirib ki, hazırlanacaq yeni qanun müasir dövrün tələblərinə cavab verməli, rəqəmsallaşma proseslərini, beynəlxalq təhsil məkanına inteqrasiyanı və akademik azadlıqların genişləndirilməsini nəzərə almalıdır.
Deputatın sözlərinə görə, hazırkı qanunvericilik təhsil sistemində baş verən sürətli dəyişiklikləri tam əks etdirmir və bu səbəbdən yeni sənəd konseptual xarakter daşımalıdır. O vurğulayıb ki, qanun sistemli təhsil islahatlarının aparılması üçün möhkəm hüquqi baza formalaşdırmalıdır.
V.Qafarov xüsusilə elmi dərəcələrin verilməsi mexanizminə diqqət çəkərək qeyd edib ki, hazırda tətbiq olunan iki pilləli müdafiə sistemi — fəlsəfə doktoru və elmlər doktoru mərhələləri beynəlxalq təcrübə ilə uzlaşmır. Onun fikrincə, bu mexanizmin mərhələli şəkildə ləğv edilməsi və vahid doktorluq dərəcəsi modelinə keçid imkanları nəzərdən keçirilməlidir.
Deputat əlavə edib ki, Azərbaycanda sovet təhsil sistemindən qalma ikipilləli müdafiə mexanizmi hələ də qüvvədə saxlanılır. O xatırladıb ki, ölkə artıq 30 ildən çoxdur Avropa təhsil modelinə keçərək bakalavr və magistr pillələrini tətbiq edir. Bununla belə, magistr dissertasiyalarının elmi dəyəri ilə bağlı ciddi sualların yarandığını bildirib: indiyədək magistr dissertasiyalarının elmə real töhfə verməməsi bu mərhələnin məqsədini yenidən düşünməyi zəruri edir.
Vasif Qafarov magistratura mərhələsinin hazırkı formada vaxt itkisinə çevrildiyini qeyd edərək, bu səviyyədə elmi hazırlığın gücləndirilməsini və onun fəlsəfə doktoru hazırlığı üzrə doktorantura mərhələsi ilə daha səmərəli şəkildə əlaqələndirilməsini təklif edib.
Deputat həmçinin diqqətə çatdırıb ki, hazırda elmi dərəcə və elmi adların verilməsi prosesi ümumilikdə dörd mərhələdən ibarətdir və bu mərhələlər tədqiqatçıların illərini alır. Onun sözlərinə görə, bəzi hallarda bu proses 8–10 ilə qədər uzanır və nəticədə alimlər elmi karyeralarının əsas mərhələlərini təqaüd yaşına yaxın tamamlayırlar. Halbuki beynəlxalq praktikada alimlərin 40–45 yaşına qədər elmi formalaşmanı başa vurması və sonrakı mərhələdə professor kimi elm və təhsilə töhfə verməsi əsas norma hesab olunur.
V.Qafarov bildirib ki, Azərbaycanda elmi pillələrin çoxluğu və mürəkkəb bürokratik prosedurlar elmin inkişafını ləngidir və bu baxımdan təhsil haqqında yeni qanun layihəsi ilə bu problemlərin aradan qaldırılması vacibdir.