İran ABŞ ilə danışıqların aparılmadığını açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, İran Xarici İşlər Nazirliyi Birləşmiş Ştatlarla hazırda heç bir formada danışıqlar aparılmadığını bildirib.
Nazirliyin yaydığı açıqlamada qeyd olunub ki, Vaşinqtonla diplomatik təmasların keçirilməsi hazırda İranın gündəliyində deyil.
Bununla yanaşı, Tehran strateji əhəmiyyət daşıyan Hörmüz boğazı ilə bağlı Omanla müzakirələrin davam etdiyini təsdiqləyib. Məlumata görə, iki ölkə arasında bölgədə təhlükəsizlik məsələləri və dəniz nəqliyyatının vəziyyəti ilə bağlı intensiv fikir mübadiləsi aparılır.
Qeyd olunur ki, Hörmüz boğazı qlobal enerji daşımaları baxımından mühüm marşrutlardan biri hesab olunur və bölgədə baş verən hər hansı gərginlik beynəlxalq neft bazarlarına təsir göstərə bilər.