Fövqəladə Hallar Nazirliyi (FHN) ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət ünvanlayıb. Nazirlikdən verilən məlumata görə, sabah gündüzədək bəzi bölgələrdə arabir güclü küləyin əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağışların yağacağı, şimşək çaxacağı və dağ çaylarında qısamüddətli sel hadisələrinin baş verəcəyi ehtimal olunur.
Yaranmış vəziyyətlə əlaqədar FHN vətəndaşları təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır:
- Güclü külək zamanı: Yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, reklam lövhələrindən, elektrik dirəkləri, naqillər və hündür ağaclardan uzaq durmaq tövsiyə olunur. Həmçinin, yanğın təhlükəsizliyi qaydalarına xüsusi diqqət yetirilməlidir.
- Çimərlik və dəniz təhlükəsizliyi: Küləkli havada dənizə girmək təhlükəlidir. Kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.
- Sel və daşqın təhlükəsi: İntensiv yağıntılar zamanı sel təhlükəli ərazilərdən uzaq durmaq, təhlükə yarandıqda isə dərhal yüksək ərazilərə qalxmaq lazımdır.
- İldırımdan qorunma: Elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla danışmamaq, açıq havada hündür ağaclar, elektrik xətləri və antenalardan uzaq durmaq, çökək yerlərə sığınmaq tövsiyə olunur. Avtomobildə olanlar isə hərəkəti dayandıraraq şüşələri qaldırmalı və təhlükənin bitməsini gözləməlidirlər.