Ötən gecə Rusiya Federasiyasının 17 regionu, eləcə də Qara və Azov dənizləri üzərində genişmiqyaslı pilotsuz uçuş aparatı (PUA) hücumu qeydə alınıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ölkənin hava hücumundan müdafiə sistemləri tərəfindən ümumilikdə 276 ədəd təyyarə tipli PUA zərərsizləşdirilib.
Bildirilib ki, hücuma məruz qalan ərazilər arasında Belqorod, Bryansk, Voronej, Kaluqa, Kursk, Nijni Novqorod, Oryol, Penza, Rostov, Tula, Ulyanovsk və Yaroslavl vilayətləri, həmçinin Moskva regionu, Krım, Tatarıstan, Udmurtiya və Krasnodar diyarı yer alıb.
Məlumata görə, ən ağır nəticələr Rostov-na-Donu şəhərində qeydə alınıb. Hücum nəticəsində bir ailə cütlüyünün öldüyü, daha beş nəfərin isə yaralandığı bildirilib. Yaralılardan ikisinin, o cümlədən bir yeniyetmənin vəziyyətinin ağır olduğu qeyd olunub. Şəhərdə çoxmərtəbəli yaşayış binasına ziyan dəyib, özəl müəssisə və anbarlarda yanğınlar baş verib.
Belqorod vilayətində isə kommersiya obyektinə edilən hücum nəticəsində 10-dan çox şəxsin xəsarət aldığı, yaşayış evləri və mülki infrastruktura ziyan dəydiyi bildirilib.
Udmurtiya rəhbəri Aleksandr Breçalov bölgənin ən genişmiqyaslı PUA hücumlarından birini dəf etdiyini açıqlayıb. İlkin məlumatlara əsasən, ərazidə ölən və yaralanan olmayıb.
Moskva istiqamətində də təhlükəsizlik tədbirləri gücləndirilib. Moskva meri Sergey Sobyanin paytaxta doğru hərəkət edən üç PUA-nın hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edildiyini bildirib. Hadisə yerlərində fövqəladə hallar xidmətlərinin fəaliyyətini davam etdirdiyi qeyd olunub.