Kiyev Rusiyanın genişmiqyaslı hava hücumuna məruz qalıb. Şəhərdə çoxsaylı dağıntılar və insan tələfatı qeydə alınıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Ukraynanın paytaxtı Kiyevə ötən gecə saatlarla davam edən kütləvi hücum həyata keçirilib. Hücum zamanı təxminən 500 ədəd pilotsuz uçuş aparatı (“İHA”) və 70-dən çox raketdən istifadə olunduğu bildirilir.
Məlumata görə, Ukrayna hava hücumundan müdafiə sistemləri aktivləşdirilsə də, raket qalıqlarının yaşayış məntəqələrinə və şəhər mərkəzində yerləşən otellərdən birinə düşməsi nəticəsində yanğınlar baş verib.
Bildirilir ki, Dneprin sol sahilində yerləşən doqquzmərtəbəli yaşayış binasının böyük hissəsi tamamilə dağılıb və ərazi xarabalığa çevrilib. Hazırda xilasetmə qrupları dağıntılar altında qalan şəxslərin axtarışını davam etdirir.
Rəsmi məlumatlara əsasən, təxminən 70 nəfər yaralı xəstəxanalara yerləşdirilib, ölənlərin sayının artacağı istisna edilmir. Təhlükəsizlik tədbirləri çərçivəsində 50 mindən çox sakin gecəni metro stansiyalarında keçirməyə məcbur olub.
Ukrayna Prezidenti Volodimir Zelenski hücumdan sonra açıqlamasında müttəfiqlərin hava hücumundan müdafiə sahəsində öhdəliklərini tam yerinə yetirmədiyini bildirib və əlavə dəstəyin vacibliyini vurğulayıb.
Ukrayna Xarici İşlər naziri Andrey Sibiqa isə Rusiyanın bu hücumları “qarşılıq tədbiri” kimi təqdim etməsini qəbuledilməz adlandırıb. Böyük Britaniyanın Baş naziri Keir Starmer baş verənləri Rusiyanın Ukrayna əhalisinə qarşı davam edən təzyiq siyasətinin tərkib hissəsi kimi qiymətləndirib.
Məlumata görə, son həftələr Ukrayna tərəfi Rusiyanın enerji infrastrukturuna qarşı uzaqmənzilli pilotsuz uçuş aparatları ilə hücumları intensivləşdirib. Rusiya tərəfi isə bu zərbələrin hərbi və enerji obyektlərini hədəf aldığını iddia edir.
Diplomatik müstəvidə Ukrayna rəhbərliyinin barışıq prosesini canlandırmaq üçün səylərini davam etdirdiyi bildirilir. Prezident Zelenski Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerovun ABŞ nümayəndəsi Cared Kuşner ilə təmasda olduğunu açıqlayıb. Həmçinin, gələn həftə Ankarada keçiriləcək NATO sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşün planlaşdırıldığı qeyd olunur. Hücumdan sonra Kiyevdə cümə günü üçün matəm elan edilib.