NATO-nun baş katibi Mark Rutte ABŞ Prezidenti Donald Trampın Polşaya əlavə 5000 əsgər göndərilməsi ilə bağlı qərarını alqışlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Rutte İsveçdə keçirilən NATO xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı bildirib ki, hərbi komandirlər hazırda qərarın bütün detallarını araşdırırlar.
“Əlbəttə ki, mən bu bəyanatı alqışlayıram. Hərbi komandirlərimiz bütün detalları araşdırırlar, amma təbii ki, mən bunu dəstəkləyirəm”, - deyə o vurğulayıb.
NATO baş katibi qeyd edib ki, əsas məqsəd Avropanı daha güclü etmək və müdafiə sahəsində ABŞ-dan asılılığı azaltmaqdır.
“Aydın olaq: seçdiyimiz yol daha güclü Avropa və daha güclü NATO-dur. Bu yol zamanla bizi bir müttəfiqdən - ABŞ-dən daha az asılı vəziyyətə gətirəcək. Bu isə Vaşinqtona digər prioritetlərinə daha çox diqqət ayırmağa imkan verəcək”, - deyə Rutte bildirib.
O əlavə edib ki, buna baxmayaraq, ABŞ-nin Polşaya əlavə qüvvə göndərmək qərarı NATO üçün mühüm addımdır.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bir müddət əvvəl Polşa Prezidenti Karol Navrotski ilə yaxşı münasibətlərinə istinad edərək Polşaya əlavə 5000 ABŞ əsgərinin göndəriləcəyini açıqlamışdı.