"Hörmüz boğazının açılması münaqişənin həlli üçün əsas şərtdir".
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron İrəvanda Avropa Siyasi Birliyi sammitindən əvvəl jurnalistlərə açıqlama verib.
Məlumata görə, Makron İran və ABŞ arasında davam edən gərginliyin həlli üçün Hörmüz boğazının tam açılmasının vacib olduğunu bildirib.
Fransa Prezidenti qeyd edib ki, boğazın yenidən açılması gəmi daşımalarına və ödənişlərə heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməlidir. O, həmçinin bildirib ki, ABŞ əvvəlcə İranla atəşkəs elan edib, daha sonra isə özü boğazı blokadaya alıb.
Makron deyib: “Əgər indi onu yenidən açmaq istəyirlərsə, problem deyil. Biz bu barədə əvvəldən danışmışıq”. O əlavə edib ki, Paris Yaxın Şərqdə heç bir hərbi əməliyyatda iştirak etməyəcək.
Qeyd olunub ki, Makron Livanda atəşkəsə riayət edilməsinin vacibliyini də vurğulayıb.
Məlumata görə, Donald Tramp mayın 3-də Hörmüz boğazında ilişib qalmış gəmilərin çıxarılması üçün “Azadlıq” əməliyyatının başlayacağını elan edib və əməliyyatın mayın 4-ü səhər start götürəcəyini bildirib.
Bildirilib ki, İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi ABŞ-nin boğaza müdaxiləsini atəşkəsin pozulması kimi qiymətləndirəcəklərini deyib.