Almaniyanın "Lufthansa" aviaşirkətində pilotlar və bort bələdçilərinin birgünlük tətili səbəbindən cümə axşamı yüzlərlə reys ləğv edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Əmək müqaviləsinin bağlanması ilə bağlı danışıqların uzanması ilə əlaqədar keçirilən tətil həm kommersiya, həm də yük reyslərinin ləğvinə gətirib çıxarıb. Üstəlik, bu aksiya dünya liderlərinin Münxen Təhlükəsizlik Konfransına gəlişindən bir gün əvvəl baş verir.
Aviaşirkət reyslərinin kütləvi ləğvini gözləyir, lakin vəziyyətin tez-tez dəyişməsi ilə əlaqədar konkret rəqəmlər təqdim etməyib.
Almaniya Hava Limanları Assosiasiyasının qiymətləndirmələrinə görə, 460-dan çox reys ləğv ediləcək ki, bu da təxminən 69 min sərnişinə təsir edəcək.
"Lufthansa"dan bildirilib ki, aviaşirkət sərnişinlərin biletlərini qrupun tərkibinə daxil olan "Austrian Airlines", "Eurowings" və "Swiss" aviaşirkətlərinin reyslərinə yenidən bron etməklə nəticələri məhdudlaşdırmağa çalışır. Sərnişinlər həmçinin biletlərini "Deutsche Bahn" qatarına gediş biletlərinə dəyişdirə bilərlər.