Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-yə müraciət edərək Donbas, Novorossiya və Krım xalqlarının öz müqəddəratını təyinetmə hüququnun Qrenlandiya nümunəsində olduğu kimi tanınıb-tanınmayacağını soruşduqlarını bildirib.
“Operativ Məlumat Mərkəzi–OMM” xəbər verir ki, Lavrov bu barədə “Türkiyə” qəzetinə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, Rusiya BMT-nin Baş katibi Antonio Quterreşə və təşkilatın rəhbərliyinə bir daha müraciət edərək, Qrenlandiya xalqının öz taleyini özü müəyyən etmə hüququnun tanındığı halda, Donbas, Novorossiya və Krım xalqları üçün də eyni hüququn tətbiq olunub-olunmadığını soruşub.
Lavrov xatırladıb ki, Qərb Kosovonun müstəqilliyini əsaslandırarkən yeganə meyar kimi öz müqəddəratını təyinetmə hüququnu göstərib və bu proses referendum olmadan baş verib. Onun sözlərinə görə, Krımda referendum bütün qaydalara uyğun keçirilsə də, Qərb ölkələri bu halda öz müqəddəratını təyinetmə hüququnun tətbiq olunmadığını bəyan ediblər.