Kreml Rusiya, ABŞ və Ukrayna arasında böhranın həlli ilə bağlı üçtərəfli danışıqların yenidən başlanması ehtimalını istisna etməyib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Moskva və Kiyevdə keçirdiyi təmasları şərh edərkən bildirib.
Peskov sülhə yönəlmiş istənilən təşəbbüsün müsbət qiymətləndirildiyini vurğulayıb.
“Şübhəsiz ki, səmərəli olan istənilən cəhd sülhə doğru atılan kiçik bir addımdır. Bu baxımdan, amerikalı danışıq aparanların sülhün bərqərar olması istiqamətindəki səylərinə böyük önəm veririk”, – deyə Kreml rəsmisi qeyd edib.
Peskov bildirib ki, ABŞ nümayəndələrinin Kiyevdə keçirdiyi görüşlərin nəticələri barədə Rusiya tərəfinə hələlik rəsmi məlumat verilməyib.
O, Vladimir Putinlə Donald Tramp arasında telefon danışığının baş tutması ehtimalını da istisna etməyib.
Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların yenidən başlanması ilə bağlı suala cavab verən Peskov bu ehtimalın mümkün olduğunu, lakin danışıqların yeri və vaxtı barədə danışmaq üçün hələ tez olduğunu bildirib.
Dmitri Peskov Norveçin Rusiya sərhədi yaxınlığında artilleriya taboru yerləşdirmək planlarına da münasibət bildirib.
Kremlin sözçüsü bu addımın Rusiyanın təhlükəsizliyinə təhdid yaratdığını və ölkəyə qarşı yönəldiyini vurğulayıb.
Peskov həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanın yaxın vaxtlarda Rusiyaya səfər edəcəyini təsdiqləyib.