Birinci Qarabağ Müharibəsi dövründən itkin düşən 4 000-ə yaxın Azərbaycan vətəndaşı ilə bağlı məsələ indiyə qədər açıq qalıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərlə söhbətində deyib.
O qeyd edib ki, bununla bağlı Ermənistan tərəfə müxtəlif kanallarla müraciət edilib:
"Biz 4000-ə yaxın vətəndaşımız haqqında məlumat ala bilməmişik. Bu məsələ açıq qalmaqda davam edir və biz Ermənistan tərəfinə də müxtəlif kanallarla müraciət etmişik. Sonuncu dəfə Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri də Azərbaycanda olanda onlara bununla bağlı müraciət etdik ki, müxtəlif hal şahidlərinin ifadələri əsasında Azərbaycana məlumat versinlər".
H.Hacıyev bununla bağlı iş görməli olan Beynəlxalq Qızıl Xaç Komitəsinin də tənqid edib:
"Təəssüflər olsun ki, 30 il ərzində Azərbaycan Respublikasının ərazisində, eləcə də işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərməsi üçün əlahiddə imkanlar yaradılmış və mandatının da əsasını məhz humanitar məsələlər təşkil edən Beynəlxalq Qızıl Xaç Komitəsi real işlərini axıra qədər başa çatdırmayıb, onların üzərinə düşən mandat sona qədər yerinə yetirilməyib".