Avropa İttifaqı Qırmızı dənizdə həyata keçirdiyi ASPİDES missiyasını genişləndirməyi planlaşdırmır.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə Aİ xarici işlər naziri Kaya Kallas Brüsseldə keçirilən görüşdən sonra mətbuat konfransında bildirib.
Qeyd olunub ki, Avropa İttifaqı Yaxın Şərqdəki münaqişəyə müdaxilə etmək istəmədiyi üçün 2024-cü ildə beynəlxalq gəmiçiliyi Qırmızı dənizdə ASPİDES missiyası çərçivəsində qorumaq məqsədilə başladığı əməliyyatı genişləndirmək niyyətində deyil.
Kallas bildirib ki, Hörmüz boğazının əhəmiyyəti yüksəkdir və bu məsələ görüşdə müzakirə olunub, lakin Aİ davam edən münaqişəyə qoşulmaq istəmir.
“Bu, Avropa müharibəsi deyil. Artıq dediyim kimi, Aİ-nin dəniz əməliyyatları mövcuddur. Naviqasiya azadlığının təmin edilməsində əsas rol oynayan ASPİDES əməliyyatımız var. Onu gücləndirmək istəyi olsa da, bu mərhələdə mandatını dəyişmək niyyətimiz yoxdur”, – deyə o qeyd edib.
Aİ-nin Ali nümayəndəsi əlavə edib ki, hazırda diplomatik həll yollarının tapılması istiqamətində işlər davam etdirilir.