Qətər və Birləşmiş Ərəb Əmirlikləri təbii qazın (LNG) bir gəmidən digərinə, yəni “gəmidən-gəmiyə” üsulu ilə daşınmasını Hörmüz boğazından kənarda həyata keçirir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, son həftələrdə Hindistan və Yaponiyaya göndərilmək üçün üç LNG tankeri arasında yükdaşıma əməliyyatı həyata keçirilib.
Avqustun sonunda iyul ayında hücuma məruz qalan "GasLog Shanghai" tankeri Oman sahillərində yükünü "GasLog Savannah" tankerinə ötürüb.
Avqustun ortalarında isə Hörmüz boğazı yaxınlığında hücuma məruz qalan "Al Rekayyat" tankeri BƏƏ-nin şərq sahillərində yükünü Hindistana göndərilmək üçün "Tembek" tankerinə boşaldıb.
Üçüncü tanker "Mraweh" isə Yaponiyaya yola düşməzdən əvvəl Oman sahillərində yükünü "Enugu" qaz tankerindən qəbul edib.
LNG-nin “gəmidən-gəmiyə” üsulu ilə daşınması nadir hallarda tətbiq olunur. Lakin Hörmüz boğazından keçən gəmiçilik faktiki olaraq bloklandığından Asiyada LNG qiymətləri son beş ayın ən yüksək səviyyəsinə yüksəlib.
Hörmüz boğazı qlobal enerji daşımaları üçün əsas marşrutlardan biri hesab olunur və onun ətrafında təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsi beynəlxalq enerji bazarlarında ciddi narahatlıq yaradıb.