ABŞ Prezidenti Donald Trampın müşaviri Cared Kuşner Qəzzada davam edən gərginliyin həlli və sülh planının növbəti mərhələsinə keçidlə bağlı müzakirələr aparmaq üçün İsrailə səfər edib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Kuşner İsrailə səfərindən əvvəl Qahirədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi, “HƏMAS” nümayəndələri və Qəzza üzrə Sülh Şurasının yüksək təmsilçisi Nikolay Mladenovla görüşüb.
Kuşnerin İsraildə Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyer və Nikolay Mladenovla birlikdə Baş nazir Benyamin Netanyahu ilə görüşməsi gözlənilir.
Məlumata görə, görüşlərdə əsas müzakirə mövzuları Qəzzada hərbi əməliyyatların dayandırılması, “HƏMAS”ın tərksilah edilməsi və bunun müqabilində İsrail qüvvələrinin bölgədən geri çəkilməsi olacaq.
Tərəflərin 2025-ci ilin oktyabrında əldə olunan atəşkəs razılaşması çərçivəsində humanitar yardımların Qəzzaya çatdırılması ilə bağlı öhdəliklərin icrasını da müzakirə edəcəyi bildirilir.
Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu daha əvvəl Sülh Şurasının Qəzzada atəşkəsin ikinci mərhələsinə dair hazırladığı 15 bəndlik planı rədd etdiyini açıqlamışdı.
2025-ci il oktyabrın 10-da qüvvəyə minən atəşkəs razılaşmasının ilk mərhələsi əsir mübadiləsi və Qəzzaya humanitar yardımların artırılmasını nəzərdə tuturdu. Lakin İsrailin bölgədə həyata keçirdiyi hücumlar və humanitar yardımların girişinə tətbiq olunan məhdudiyyətlər razılaşmanın icrası ilə bağlı çətinlikləri artırır.